Tag Archives: Şeir

Dəyirmançı

Adımı dəyirmançı qoydun,
Üstümdəki unumdanmı,
Sən məni beləmi tanıyırsan
əynimdəki libasımdan,
donumdanmı?
Nahaq naşı bilirsən
bu dəyirmançını, əzizim,
Sənin ilk dəfə getdiyin hər yolda
neçə dəfə o tərəfədir,
neçə dəfə də bu tərəfə
mənim köhnəlmiş izim…

Aynur üçün

Qızım, paltarını yığ, yığış gedək,
daha buralarda bir işimiz yox.
Bizim indimiz yox, keçmişimiz yox,
bircə yolumuz var, o da gələcək.
Biz güclü deyilik, zəifik, zəif,
gələr üstümüzə daşla adamlar.
Baş aça bilmərik nə istəyirlər
Bu cavan adamlar, yaşlı adamlar.

Humanizm

O dağın ətəyindəki kəndi görürsənmi
sakit və xoşbəxt həyatıyla
qibtə hissi doğurur adamda
evləri biri-birinin sobasına
qızınacaq qədər yaxın
ağacları baş-başa verib pıçıldaşır
küləklərin eşqinə

Ovqat

Üzüm pəncərəyə qısılı,
gözlərimdə intihara hazır
milyonlarla yaş qalmışdı.
Avtobusda bir qız oturdu
səndən sonra sənin yerində.
Amma yerin boş qalmışdı….

Boş şeydir

Səni sevdiyini söyləyən
saysız adamların içində
dost axtarmaq qədər mənasız,
Qulağını oxşayan,
bəzəkli cümlələrin içində
səmimiyyət tapmaq qədər çətindir yaşamaq.
Zənn edərsən ki, var olduğuna dəlildir,
Və anlarsan ki, dayandırmaq istədiyin,
ən gözəl anlara qənimdir.
Boş şeydir!
Sadəcə və sadəcə ölməyə zəmindir
yaşamaq.