Tag Archives: şeirləri

Dəyirmançı

Adımı dəyirmançı qoydun,
Üstümdəki unumdanmı,
Sən məni beləmi tanıyırsan
əynimdəki libasımdan,
donumdanmı?
Nahaq naşı bilirsən
bu dəyirmançını, əzizim,
Sənin ilk dəfə getdiyin hər yolda
neçə dəfə o tərəfədir,
neçə dəfə də bu tərəfə
mənim köhnəlmiş izim…

Baxışın gözümə batar

Baxışın kiminsə gözündə qalıb,
Mənim gözlərimə ilişmir daha.
Ürəyin boş idi,hardasa dolub,
Mənim ürəyimlə danışmır daha.
Özünü hardasa qoyub gəlmisən,
Mənim işlərimə qarışmır daha.
Gözünü kimdəsə qoyub gəlmisən,
Baxışım gözünlə barışmır daha.